×
A
A
A
Sazlamalar

Ağdamda tədbir: Heydər Əliyev və muzeylərimiz

Ağdam, 18 may, AZƏRTAC

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində "Heydər Əliyev və muzeylərimiz" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Üçoğlan kənd mədəniyyət evinin kollektivlərinin, Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbin və Mahrızlı kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan, muzeylərə verdiyi dəyərdən danışıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Tədbirdə məktəblilər Ulu Öndərə həsr olunmuş şerlər söyləyiblər. Sonda video-slayd nümayiş etdirilib, iştirakçılar muzeylə tanış olublar.

Regionlar 2023-05-18 17:29:00