×
A
A
A
Sazlamalar

Bu ilk dəfə olaraq Cəlilabad çiyələyi ərəb ölkələrinə ixrac edilib

Cəlilabad, 18 may, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda çiyələk sahələrində məhsul yığımı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər xaricdən gətirdikləri yeni sortlar sayəsində hələ bir neçə ay da bazarı keyfiyyətli məhsulla təmin edə biləcəklər. Nəticədə çiyələk sahələrindən məhsul yığımı əvvəlki kimi 3-4 ay deyil, 6 aya qədər davam edəcək.
Cəlilabadlı fermer Vüqar Musayev bildirib ki, Cəlilabadın çiyələk sahələrində əvvəllər ənənəvi sortlar yetişdirilirdisə, indi isə xaricdən gətirilən yeni sortlar sayəsində məhsul yığımı dekabrın əvvəllərinə qədər davam edəcək. Bu sortlardan əldə edilən məhsul keyfiyyəti ilə də seçilir. Buna görə də fermerlər əkin zamanı məhsuldarlığı ilə seçilən “Murano” növünə daha çox üstünlük verirlər.
“Hazırda yığılan məhsulu əvvəl daxili, sonra xarici bazara çıxardırıq. Bu il biz əsasən “Murano” növünə üstünlük vermişik. Bunun da əsas səbəbi bu sort çiyələyin daha şirin olması və uzaq məsafələrə daşınmasında uzunömürlü olmasıdır. Yeddi il məhsul verən yeni sort səmərəli olduğu üçün hər 5-6 gündən bir məhsul toplayırıq”, - deyə fermer Vüqar Musayev bildirib.
Vüqar Musayev öz çiyələk sahəsini bu il 10 hektara qədər artırdığını və əsas hədəfinin məhsulun xarici bazarlara çıxarmaq olduğunu söyləyib. O, xarici bazara çıxarılması üçün həm kifayət qədər məhsulunun, həm də sifarişinin olduğunu qeyd edib: “Biz bu il 10 hektara yaxın çiyələk sahəsi əkmişik, örtük altında, bir də açıq şəraitdə. Bu il çiyələyi əsasən mart ayından yığmağa başlamışıq. Əvvəlcə daxili bazarın tələbatını ödəyirik, sonra qalan məhsulu Rusiya şəhərlərinə, bu ildən isə ilk dəfə olaraq ərəb ölkələrinə ixrac edirik.
Cəlilabad Dövlət Aqrar İnkişaf mərkəzinin, bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, bu il rayonda 505 hektar sahədə fermerlər çiyələk əkiblər. Bu günə qədər rayonda açıq və örtülü sahələrdən 2 min tondan artıq çiyələk ixrac olunaraq Rusiya bazarlarına, habelə digər qonşu ölkələrə, qismən Qazaxıstan və Dubaya ixrac edilib.
Açıq havada yetişdirilən çiyələk sahələrinin hər hektarından 15-20 ton məhsul götürmək mümkündür. Az sahədən daha çox məhsul götürmək üçün Azərbaycanda ilk dəfə olaraq Cəlilabadda yeni üsul - hidropon üsulu ilə, yəni torpaqsız mühitdə yetişdirilib. Fermerlərin sözlərinə görə, bu üsulla məhsulu həm keyfiyyətli, həm də təmiz və toz–torpaqsız əldə etmək mümkün olur. Bu üsul məhsulun tez yetişib satışa çıxarılması üçün də xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Cəlilabadda çiyələk əkini ilə 3 mindən artıq fermer məşğul olur. Hazırda qiymət sortlardan, keyfiyyətdən asılı olaraq, 2 manat 50 qəpik, 2 manat 80 qəpik civarında dəyişir.

Regionlar 2023-05-18 16:04:00