×
A
A
A
Sazlamalar

Hüquqi şəxslər cari hesab qalıqlarını bankların riskindən necə qoruya bilərlər? – ekspert açıqlayır

Bakı, 18 may, AZƏRTAC

Gündəlik iş fəaliyyətini banklarsız təşkil edə bilməyən şirkətlər maliyyə sistemində ola biləcək böhran, xüsusilə qlobal bank seqmentində təlatüm kimi risklərdən yayınmaq üçün həll yolları axtarırlar. Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu mənada müəyyən imkanlara malikdirlər.
İqtisadçı İntiqam Səfərəliyev AZƏRTAC-a hüquqi şəxslərin risklərdən yayınması və bu mənada həm də əlavə gəlir qazanması üçün mövcud olan fürsətlər haqqında açıqlama verib.
O qeyd edib ki, Mərkəzi Bank vəsaitlərin strelizasiyası məqsədilə bir sıra işlər görür. Burada da ən vacibi notların satışa çıxarılmasıdır: “Mərkəzi Bank bir aydan çoxdur ki, hüquqi şəxslərə təhlükəsiz liman təklif edib. Pulların strelizasiyası məqsədilə Mərkəzi Bank qiymətli kağızlar formasında öz notlarını Bakı Fond Birjasında satışa çıxarır. Notların müddəti 1, 3, 6 və 9 ay təşkil edir. Bu isə hüquqi şəxslərə 7,5 faiz, 8 faiz, 8,5 faiz və 9 faiz gəlir qazandırır. Mərkəzi Bankın müvafiq qərarına qədər bu əməliyyatlarda yalnız banklar iştirak edə bilirdisə, artıq hüquqi şəxslər də notların alqı-satqısında iştirak hüququna malikdirlər”.
İntiqam Səfərəliyev bildirib ki, Mərkəzi Bank tərəfindən irəli sürülən təşəbbüsə əsasən özəl şirkətlər (maliyyə və neft sektorunda fəaliyyət göstərənlər istisna olmaqla) bu notları alaraq sata bilirlər. Artıq bir neçə hüquqi şəxs bu alətdən istifadə edib və aylıq 2-3 faiz risksiz gəlir də qazanıb.
Qeyd edək ki, Mərkəzi Bankın notları üzrə həftənin 3-cü günü hər biri 30 milyon manat olmaqla, 2 hərrac keçirilir. Bir aylıq və 3 aylıq notlar üzrə baş tutan hərraclarda bir investor maksimum 10 faiz, yəni 3 milyon manatlıq not ala bilir.
Ekspert qeyd edib ki, banklarda likvidlik yüksək olduğu üçün onlar hərraclardan istədikləri qədər not ala bilmirlər: “Banklar yüksək likvidlik səbəbindən istədikləri qədər Mərkəzi Bank notu əldə edə bilmirlər. Bu səbəbdən digər investorlardan notları təkrar bazarda alırlar. Bu zaman isə banklar daha yüksək qiymət təklif edirlər. Hüquqi şəxslər bu imkandan yararlanaraq gəlir qazanmış olurlar. Əlavə edək ki, hər həftənin cümə axşamı günü Mərkəzi Bank 6 və 9 aylıq notları satışa çıxarırlar”.
İntiqam Səfərəliyev bildirib ki, bu müddətli notlar hüquqi şəxslər üçün daha cəlbedici maliyyə aləti hesab edilir: “Mərkəzi Bankın 6 və 9 aylıq notları hüquqi şəxslərə qazanc baxımından bir sıra üstünlük yaradır. Həm banklara daha yüksək qiymətə sataraq gəlir qazanmaq şansı əldə edilir, həm də notları özlərində saxlayaraq illik 7,9 faiz gəlir qazanmaq fürsəti qazanırlar. Yəni, cari hesab qalıqlarındakı vəsaiti bankda yox, Mərkəzi Bankın notlarında saxlamaqla bank riskindən və digər risklərdən özlərini rahatlıqla qoruya bilirlər. Bu, hüquqi şəxslər üçün böyük motivasiyadır. Onlar aylıq gəlirlərini notlarla 2-3 faizədək yüksəldə bilirlər”.
İqtisadçı diqqətə çatdırıb ki, hüquqi şəxslər Bakı Fond Birjasında notları almaq üçün ilk növbədə hüquqi şəxs investisiya şirkəti ilə müqavilə bağlamalıdır.
Belə ki, investisiya şirkətləri hüquqi şəxslərə not vasitəsilə gəlir qazanmaqda dəstək verir. Hüquqi şəxslər Bakı Fond Birjasında notları almaq üçün ilk növbədə hüquqi şəxs investisiya şirkəti ilə müqavilə bağlamalıdır və not hərracları olan günlərdə alış qiymətini müəyyənləşdirib investisiya şirkətinə müraciət etməlidir. Hüquqi şəxslər notları optimal qiymətə almaq üçün peşəkar investisiya şirkəti ilə əməkdaşlıq etməlidirlər. Notların hər birinin dəyəri 10 min manat təşkil edir. İnvestor 3 aylıq notları 9800 manata alır. Üç ay sonra Mərkəzi Bank investora 10 min manatı birbaşa hesabına köçürüb notları ödəmiş olur.
İntiqam Səfərəliyev qeyd edib ki, proses hüquqi şəxslərə yeni imkan tanıdığı üçün hazırda iştirakçı sayı 16 investor və 40 milyon manat həcmindədir, lakin həm investor sayı, həm də məbləğ artmağa məhkumdur.
“İnvestorların sayının artması gözləniləndir və buna səbəb isə çox sadədir. Hüquqi şəxslər üçün vəsaitini təhlükəsiz və gəlirli saxlamağa bu qədər üstün başqa maliyyə aləti mövcud deyil. Bakı Fond Birjası iş günlərində saat 10:00-da 17:00-dək fasiləsiz çalışır. Hüquqi şəxsin vəsaitə ehtiyacı olan anda notlar 1 saat ərzində təkrar bazarda satılır. Vəsait onun bank hesabına köçürülür və hüquqi şəxs vəsaiti təyinatı üzrə istifadə edə bilir. Ehtiyacı olan qədər notu satıb qalan məbləği saxlamaq üçün hüquqi şəxs satılacaq notların sayını müəyyən edir, yəni dəyəri 10 min manat olan 100 ədəd not alıbsa (cəmi 1 milyon manatlıq) və bir gün ona 100 min manat ehtiyac olanda cəmi 10 ədəd notu satmaq kifayət edəcək ki, şirkət ehtiyacını təmin etsin. Növbəti günlərdə əlavə vəsait hesabına daxil olduqda ilkin bazarda və ya təkrar bazarda yenə notları alıb saxlaya bilər”, - deyə ekspert vurğulayıb.
İqtisadçı vurğulayıb ki, risklərdən kənarda qala bilmək üçün vəsaiti Mərkəzi Bankın notlarında, dolayısı ilə Mərkəzi Bankda saxlamaq lazımdır.

 

Maliyyə 2023-05-18 13:10:00