×
A
A
A
Sazlamalar

Mayın 17-də havanın temperaturu iqlim normasından 1.7° aşağı olub

Yağıntılar mayın 18-i gecə saatlarından kəsilib

Bakı, 18 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 18-nə olan məlumatına əsasən, mayın 17-də gün ərzində müşahidə olunan yağıntılar mayın 18-i gecə saatlarından kəsilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü Şahdağda 7, Xınalıqda 3 santimetr olub.
Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda duman müşahidə olunub.
Mayın 17-də havanın temperaturu iqlim normasından 1.7° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22° isti, Naxçıvanda 29°-dək isti, dağlıq rayonlarda 12-14° isti, yüksək dağlıq ərazilərdə 1-3° isti, aran rayonlarında 27°-dək isti təşkil edib.
Mayın 19-u əsasən şimal və qərb rayonlarında, mayın 20-si gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında isə mayın 19-u gün ərzində və mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin mayın 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya 2023-05-18 13:07:00