×
A
A
A
Sazlamalar

Almaniya ilə Azərbaycan arasında peşə və texniki təhsilin modernləşdirilməsi sahəsində əməkdaşlıq genişləndirilir

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Almaniyanın “Bildungsverk der Baden-Württembergischen Wirtschaft” (BIWE) təşkilatının və “Festo Didactic” şirkətinin birgə təşkilatçılığı, Alman-Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə “Almaniyanın Festo Didactic SE” şirkəti ilə Azərbaycan arasında peşə və texniki təhsilin modernləşdirilməsi sahəsində əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Almaniyanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və müxtəlif şirkətlərin rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə Azərbaycanda fəaliyyət göstərən peşə təhsil müəssisələrində yüksək texnologiyaların tətbiqi ilə ixtisaslı təlimlərin təşkili, alman təcrübəsinin Azərbaycan təhsil sistemində tətbiqi haqqında məlumat verilib.
Tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tomas Bauman bildirib ki, Sumqayıt peşə məktəbi yeni layihənin əsas iştirakçısıdır. Layihə çərçivəsində gənclərə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirilir. Eyni zamanda, onlara alman təcrübəsi öyrədilir.
Daha sonra Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar İsmayılzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, əmək bazarının tələblərinə cavab vermək üçün daha müasir mütəxəssislər yetişdirilir. Bu layihə müasir tələblərin həyata keçirilməsi üçün böyük vasitədir.
Sonra Almaniyanın “Festo Didactic SE” şirkətinin əməkdaşı Didəm Özkan-Lüers çıxış edib. Qeyd edib ki, “Festo Didactic” sənaye təhsili üçün dünya üzrə aparıcı avadanlıq və həll təminatçısıdır. O əlavə edib ki, insanları yüksək dinamik və mürəkkəb sənaye mühitlərində fəaliyyət göstərməyə öyrədən təlim laboratoriyaları, tədris avadanlıqları və proqramları layihələndirir və həyata keçirir. Şirkətin məqsədi təhsil müəssisələrində və sənayedə öyrənmə uğurunu maksimuma çatdırmaqdır.
Tədbirdə iştirak edən yerli və xarici mütəxəssislər “Texniki və peşə təhsili”, “Nəyə görə Almaniya ikili təhsil sistemində uğur qazanmışdır?”, “Qarışıq reallıq və virtual reallıq”, “Sənayedə süni intellektin tətbiqi” mövzularında təqdimatla çıxış ediblər.
Daha sonra tədbir müzakirələrlə davam edib, mütəxəssislərə ünvanlanan suallar cavablandırılıb. Sonda “Rəqəmsal təhsil platforması”nın təqdimatı olub.
Qeyd edək ki, BIWE təşkilatı Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə sıx əməkdaşlıq edərək Azərbaycanda genişmiqyaslı İkili Peşə Təhsili Layihəsini həyata keçirir. Hazırda İZİA-nın Peşə Təhsil Mərkəzində alman tədris proqramına uyğun "İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik" ixtisası üzrə dövlət vəsaiti hesabına kadr hazırlığı həyata keçirilir.

İqtisadiyyat 2023-05-18 11:38:00