×
A
A
A
Sazlamalar

31 ölkədən 479 şirkət bir arada - YENİLƏNİB VİDEO

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov sayca 16-cı olan bu sərginin çox əlamətdar bir ilə təsadüf etdiyini deyib. Bildirib ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyətə başlayan sərgi də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Nazir qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda, Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.
Nazir əlavə edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan bu gün fəaliyyətə başlayan sərgi kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayıb. Bu beynəlxalq tədbirdə kənd təsərrüfatı və qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə imkan verəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin kiçik və orta bizneslərin (KOB) satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. Bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova kənd təsərrüfatı məhsullarının istehsalının ərzaq və qida təhlükəsizliyində başlıca şərtlərdən biri olduğunu vurğulayıb. Nazir müavini əlavə edib ki, Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verir.
“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov qeyd edib ki, “Caspian Agro 2023” və “InterFood Azerbaijan 2023” sərgilərində ümumilikdə dünyanın 31 ölkəsindən 479 şirkət təmsil olunur.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub.
Sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus Respublikası, Gürcüstan, İtaliya, Niderland Krallığı, Şri-Lanka, Rusiya Federasiyasının regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.
“Caspian Agro” sərgisinin iştirakçıları arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Estoniya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Latviya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası və Türkiyə şirkətləri yer alır. Builki sərgilərdə ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası vahid stendlə təmsil olunur.
Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq. Sərginin əsas istiqamətlərindən birini “yaşıl kənd təsərrüfatı” təşkil edir. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaqdır.
Kənd təsərrüfatı sahəsində regionun ən böyük beynəlxalq sərgisi olan “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi, pambıq emalı və elektron kənd təsərrüfatı daxildir.
“InterFood Azerbaijan” sərgisində Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə və ilk dəfə olaraq Tunis şirkətləri iştirak edir. Bu sərgi keyfiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində KOBİA dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.
Sərgi günlərində Aqrar İnnovasiyalar Forumu keçiriləcək. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək. Forum çərçivəsində keçiriləcək sessiya və panel müzakirələri zamanı Naxçıvandan dəvət olunmuş fermerlər çıxış edəcək və “Orqanik Naxçıvan” brendinin təqdimatı keçiriləcək.
Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı təşkil ediləcək.
Sərgilərin rəsmi dəstəkçiləri Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasıdır (ASTA).
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır.

İqtisadiyyat 2023-05-17 14:50:00

Video