×
A
A
A
Sazlamalar

Birinci rübdə banklar arasında 6,8 milyard manatlıq 671 ədəd əqd bağlanıb

Bakı, 17 mart, AZƏRTAC

Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi və davamlı təkmilləşdirilməsi pul bazarında aktivliyin artması ilə müşayiət olunur.
AZƏRTAC Mərkəzi Bankın 2023-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, birinci rübdə “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 6,8 milyard manat məbləğində 671 ədəd əqd bağlanıb. Bu əməliyyatların 94 faizi 1-3 günlük olub. Pul bazarındakı əməliyyatlar üzrə faizlər Mərkəzi Bankın faiz qərarlarına reaksiya verməkdədir. Belə ki, verilən pul siyasəti qərarlarının təsiri ilə “Blumberq” ticarət sistemində 1 günlük əməliyyatlar üzrə orta faiz martda ötən ilin sonu ilə müqayisədə 1,07 faiz yüksəlib.
Hesabat dövründə təminatlı pul bazarı seqmentində də fəallıq müşahidə olunub. Belə ki, rüb ərzində banklararası REPO bazarında 729 milyon manat həcmində 111 əqd bağlanıb. Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərib. Birinci rüb ərzində banklararası REPO əməliyyatlarının say baxımından 39 faizi, həcm baxımından isə 17 faizi Mərkəzi Bankın notları əsasında bağlanıb.

Maliyyə 2023-05-17 10:16:00