×
A
A
A
Sazlamalar

52 il birgə ömür sürmüş Yunusovlar ailəsi

Zaqatala, 15 may, Mustafa Dadaşov, AZƏRTAC
15 May – Beynəlxalq Ailə Günü münasibətilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) kollektivi 52 il birgə ömür sürmüş Yunusovlar ailəsində qonaq olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni ailə quran gənclərin də iştirak etdiyi tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, UADM-in direktoru Cövhərət İbrahimova çıxış edərək, cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışıblar.
Qeyd edilib ki, bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biridir. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb.
Görüşdə ailənin başçısı Cuma Yunusov və ömür-gün yoldaşı Nazlı nənə ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının vacibliyindən söz açıblar. Bildirilib ki, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələr daha uzun ömürlü və xoşbəxt olur. Ailə başçısı və xanımı yeni qurulan ailələrə öz nəsihət və tövsiyələrini veriblər.
Qeyd edək ki, 4 övlad, 7 nəvə və 2 nəticəsi olan Yunusovlar ailəsi 52 ildir qarşılıqlı hörmət və məhəbbəti qoruyub saxlayaraq, ailə dəyərlərinin yaşadılmasında gənclərə, yeni qurulan ailələrə nümunə olublar. Ailənin bir övladı Telman Yunusov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Görüşün sonunda Yunusovlar ailəsinə, həmçinin yeni ailə həyatı quran gənclərə hədiyyələr təqdim olunub.

Regionlar 2023-05-15 17:41:00