×
A
A
A
Sazlamalar

Gürcüstan vətəndaşları bu gündən Rusiyaya vizasız gedə biləcəklər

Tbilisi, 15 may, AZƏRTAC

Gürcüstan vətəndaşları mayın 15-dən etibarən Rusiyaya vizasız gedə biləcəklər.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejiminin ləğvinə dair mayın 10-da imzaladığı fərman bu gündən qüvvəyə minib. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında Rusiya ərazisinə vizasız daxil olmaq və 90 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir.
Qeyd edək ki, Rusiya Prezidenti Gürcüstana uçuşlarla bağlı aviaşirkətlərə qoyulan qadağanı da ləğv edib və yaxın günlərdə Moskva-Tbilisi reysi üzrə uçuşların həyata keçiriləcəyi gözlənilir.
Gürcüstanın Mülki Aviasiya Agentliyi bununla bağlı bildirib ki, iki ölkə arasında müntəzəm uçuşların bərpası ilə bağlı Rusiya aviaşirkətlərindən agentliyə xeyli müraciət daxil olub. “Gürcüstanın qəti mövqeyi ondan ibarətdir ki, Gürcüstan və Rusiya Federasiyası arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan aviaşirkətlər və təyyarələr tərəfindən yerinə yetiriləcək. Müvafiq olaraq, Mülki Aviasiya Agentliyinə təqdim edilən bütün müraciətlər, aviaşirkətlər tərəfindən təqdim edilən məlumat və sənədlər sanksiyalarla bağlı müxtəlif mexanizmlərlə ətraflı öyrəniləcək və yoxlanılacaq”, - deyə Agentliyin bəyanatında deyilir.
Bundan əlavə, Mülki Aviasiya Agentliyi sanksiyalara əməl edən və eyni zamanda, Rusiya Federasiyası ilə birbaşa hava əlaqəsi olan dövlətlərin nümunələrini öyrənir, onlarla məsləhətləşir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2023-05-15 16:34:00