×
A
A
A
Sazlamalar

Saatlıda ümumi məhsul istehsalının həcmi 15,3 faiz artıb

Saatlı, 15 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi faktiki qiymətlərlə 9 milyon 450,2 min manat və ya 15,3 faiz artaraq, 71 milyon 276,1 min manat olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi məhsul buraxılışının həcmi faktiki qiymətlərlə tikinti üzrə 6,2 dəfə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 13,0 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 12,5 faiz, informasiya və rabitə üzrə 11,9 faiz, sənaye üzrə 10,8 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri üzrə 9,7 faiz artıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 10 milyon 606,2 min manat və ya 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 1 milyon 55 min manat və ya 13,1 faiz artıb. 2023-cü ilin yanvar-fevral ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 525,8 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 56,5 manat və ya 12,0 faiz çoxdur.

 

Kənd təsərrüfatı 2023-05-15 14:56:00