×
A
A
A
Sazlamalar

“PAŞA Holding” “Future Shapers” inkişaf proqramının açılış tədbirini təşkil edib

Bakı, 15 may, AZƏRTAC

“PAŞA Holding” tərəfindən “Future Shapers” inkişaf proqramı təşkil edilib. Proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mayın 14-də “Future Shapers” proqramının açılış tədbiri keçirilib. Tədbirdə “PAŞA Holding” və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara “PAŞA Qrup”un baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.
“Future Shapers” proqramı “PAŞA Hub” tərəfindən artıq ikinci ildir təşkil olunur və bizim üçün sevindirici haldır ki, bu proqram gənclər tərəfindən böyük marağa səbəb olub. Proqrama min nəfərdən çox müraciət daxil olub və müraciət edənlər arasında xaricdə təhsil alıb daha sonra ölkəmizə geri qayıdan şəxslər də var. İnanırıq ki, proqramın həm açılış tədbiri, həm də bundan sonra baş tutacaq biznes simulyasiyalar bütün iştirakçılar üçün faydalı olacaq”, – deyə korporativ kommunikasiyaların rəhbəri Aytac Muxtarzadə qeyd edib.
Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər “PAŞA Qrup” şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.
Qeyd edək ki, proqram “PAŞA Holding”in Öyrənmə və İnkişaf mərkəzi olan “PAŞA Hub” tərəfindən təşkil olunur. “PAŞA Hub” yalnız “PAŞA Qrup” şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda, ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.

Maliyyə 2023-05-15 14:33:00