×
A
A
A
Sazlamalar

Qubada ailələrin iştirak etdiyi düşərgədə gender bərabərliyi təbliğ olunub

Quba, 15 may, Elxan Yusifli, AZƏRTAC

Qubada mayın 12-15-də “Gender bərabərliyi sağlam ailənin təməlidir” mövzusunda ailə düşərgəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 May – Beynəlxalq Ailə Günü münasibətilə keçirilən düşərgəyə ölkənin müxtəlif bölgələrindən 15 ailə qoşulub.
Düşərgənin əsas məqsədi müxtəlif valideynlik təcrübələri olan ailələri bir araya gətirməklə ailələrdə gender bərabərliyi baxımından müsbət dəyişikliklərə əsaslanan münasibət və davranışın qurulmasına, gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılmasına və qız övladlarına verilən dəyərin təşviqinə dəstək verməkdən ibarət olub.
İştirakçılar üçün "Cins və gender", "Məsuliyyətli valideynlik", "Gender bərabərliyi” mövzularında təlimlər keçirilib.
Bununla yanaşı, düşərgədə iştirak edən ailələrin övladları üçün sosial, emosional, fiziki və intellektual istiqamətli müxtəlif fəaliyyətlər və birgə məşğələlər təşkil olunub. Belə ki, düşərgə zamanı uşaqlar “Forest School” təhsil yanaşması və inkişaf istiqamətlərinə uyğun olaraq bionika, təbiətdə STEAM, özünüifadə bacarıqları, səmti müəyyən etmə, açıq havada müxtəlif ustad dərsləri və digər öyrədici fəaliyyətlərə cəlb ediliblər. Proqram çərçivəsində, həmçinin ailə bağlarının möhkəmləndirilməsinə xidmət edən əyləncəli oyun və müsabiqələrə yer ayrılıb.
Düşərgənin sonuncu günündə iştirakçılar Qubanın müxtəlif tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.
Düşərgə BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Forest Schools Azerbaijan” tərəfindən təşkil edilib.

 

 

Regionlar 2023-05-15 12:32:00