×
A
A
A
Sazlamalar

Neftçalada ticarət dövriyyəsi və xidmətlərin həcmi 1,5 faiz artıb

Neftçala, 15 may, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda 2023-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 81 milyon 80 min manat olmaqla, 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-mart aylarının səviyyəsini müqayisəli qiymətlərlə 2,2 faiz üstələyərək 79 milyon 558,7 min manata bərabər olub. Bunun 90,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 72 milyon 835 min manatlıq, o cümlədən 37 milyon 924,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 34 milyon 910,5 min manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,9 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət 279,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 45,8 manat çox olub.

Regionlar 2023-05-15 12:28:00