×
A
A
A
Sazlamalar

Tibb Universiteti Moskva Hökumətinin Səhiyyə Departamenti ilə birgə layihələr həyata keçirəcək

Bakı, 13 may, AZƏRTAC

Moskva Hökumətinin Səhiyyə Departamentinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Universitet rəsmiləri ilə görüşdə qarşılıqlı əlaqələrin inkişafı, birgə layihələrin icrasının mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti ilə görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin genişlənən beynəlxalq əlaqələri, tədris strukturunda tətbiq olunan ciddi dəyişikliklərlə bağlı qonaqlara ətraflı məlumat verib. Rektor ATU-nun üç ixtisasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) akkreditasiyasından keçdiyini bildirərək həmin addımın universitetin beynəlxalq nüfuzunun artmasına, daha çox tanınmasına müsbət təsirindən danışıb.
Moskva Hökumətinin Səhiyyə Departamenti başçısının müavinləri Səidə Hacıyeva və İlya Tırov təmsil etdikləri qurumun fəaliyyəti haqqında məlumat veriblər. Qonaqlar qarşılıqlı əməkdaşlığın perspektivləri barəsində fikirlərini açıqlayıblar. Birgə elmi layihələr və tədqiqatlar sahəsində əməkdaşlıq, ikitərəfli mübadilə səfərlərinin həyata keçirilməsinə dair təkliflər səsləndirilib.
Sonra nümayəndə heyətinin üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər. Klinikanın direktoru dosent Mücahit Avcıl ilə görüş zamanı bəzi istiqamətlərdə elmi tədqiqatların aparılması üçün təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb.
Moskva Hökumətinin Səhiyyə Departamentinin nümayəndə heyəti ATU-nun professor-müəllimləri və həkimlərlə görüşündə mütəxəssislərin bacarıqlarının artırılması üçün təhsil proqramlarının, ən son elmi tədqiqatlara əsaslanan klinik protokolların hazırlanması və digər birgə layihələrin işlənilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Səhiyyə 2023-05-13 18:26:00