×
A
A
A
Sazlamalar

Yaşlı insanlarda meyvə artığı qaraciyər piylənməsinə səbəb olur

Bakı, 13 may, AZƏRTAC

İnsanların qidalanmasında meyvə artığı orqanizmin vəziyyətinə mənfi təsir edə bilər. Həddindən artıq meyvə qəbul etmək xüsusilə yaşlı və ahıl insanlara ziyandır. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu fikri həkim-diyetoloq Yelena Solomatina bildirib. Tibb işçisi yaşlı insanlara gün ərzində iki meyvədən çox yeməməyi məsləhət görüb. Bu qaydanın pozulması yaşlı insanlarda qaraciyər piylənməsinə səbəb olan fruktoza artığına səbəb ola bilər.
“Meyvəni həddindən artıq qəbul etdiyimizdə orqanizmə çoxlu miqdarda fruktoza daxil olur ki, qaraciyər onu kompensasiya etməyə çalışır. Son nəticədə orqan funksiyasını normal yerinə yetirmir və alkoqolsuz hepatoz, yəni qaraciyər piylənməsi inkişaf edir”, - deyə Y.Solomatina vurğulayıb.
Bundan əlavə, tibb işçisi deyib ki, böyük miqdarda meyvə və fruktoza artıq çəki və diabet, eləcə də allergiyanın yaranmasına səbəb olur. Öz növbəsində, meyvələrlə udulan lif həzm sistemini yükə salır, artıq olduqda isə həm də ağrılı şişkinlik, qəbizliyə səbəb ola bilər.

 

Sağlamlıq klubu 2023-05-13 16:49:00