×
A
A
A
Sazlamalar

G7 ölkələrinin maliyyə nazirləri yeni tərəfdaşlıq sxemini müzakirə ediblər

Bakı, 13 may, AZƏRTAC

G7 ölkələrinin gələn həftə keçiriləcək sammiti ərəfəsində bu qrupun maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri Yaponiyanın Niiqata şəhərində geniş məsələhətləşmələr aparıblar. Əsas müzakirə mövzusu bu il təchizat zəncirlərini şaxələndirmək üçün tərəfdaşlıq sxeminin işə salınması olub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, nazirlər təmiz enerji texnologiyasına yönəlmiş yeni çərçivə üçün motivasiya olaraq Çin və ya Rusiya ilə ticarətdən asılılığı azaltmaq səylərini birbaşa qeyd etməyiblər. Lakin ABŞ-ın maliyyə naziri Canet Yellen yaponiyalı həmkarı ilə görüşdən sonra qlobal iqtisadiyyatda son şoklara işarə edib. O deyib: “Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etməsi və pandemiyanın yaratdığı fəsadlar diversifikasiya edilmiş və davamlı təchizat zəncirlərinin əhəmiyyətini açıq şəkildə göstərdi".
Yeddilik qrupunun maliyyə nazirləri və mərkəzi bank rəhbərləri yüksək konsentrasiyalı təchizat zəncirləri daxilində mövcud boşluqların aradan qaldırılmasına təcili ehtiyac olduğunu vurğulayıblar. Onların verdiyi birgə bəyanatda qeyd edilib ki, bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlıq ən gec bu ilin sonuna qədər başlamalıdır. Nazirlər bildiriblər ki, Dayanıqlı və İnklüziv Təchizat Zəncirinin Təkmilləşdirilməsi proqramı (RISE) aprel ayında yayımlanan təlimata əsaslanır və bu çərçivədə inkişaf etməkdə olan maraqlı ölkələrə "maliyyə, bilik və tərəfdaşlıqlar təklif ediləcək".
Nazirlərin üçgünlük görüşündə G7 qrupu ölkələrinin liderlərinin mayın 19-21-də Xirosimada keçiriləcək sammitinə təqdim etmək üçün maliyyə təklifləri hazırlanıb. Sammitdə nüvə tərk-silahı və iqlim dəyişikliyi ilə bağlı tədbirlərlə yanaşı, Ukraynaya dəstək və G7-nin Çinlə əlaqələrinin gündəmin əsas mövzuları olacağı gözlənilir.
Bu gün başa çatan maliyyə danışıqları zamanı nazirlər Rusiyaya qarşı sanksiyalara sadiq olduqlarını təsdiqləyib və onları tətbiq etmək üçün birlikdə çalışdıqlarını söyləyiblər. Lakin sanksiyalardan yayınma hallarının aradan qaldırılması üçün heç bir konkret yeni addım açıqlanmayıb. Maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri, həmçinin bank sektorunda baş verən son böhrandan sonra maliyyə sabitliyinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bununla bağlı birgə bəyanatda qeyd olunub: Biz maliyyə sektorunun inkişafının monitorinqi üçün nəzarət və tənzimləyici orqanlarla sıx işləməyə davam edəcəyik və maliyyə sabitliyini, eyni zamanda, qlobal maliyyə sisteminin dayanıqlılığını qorumaq üçün müvafiq tədbirlər görməyə hazırıq".
Danışıqlarda, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərləri, qeyri-üzv dövlətlər - Braziliya, Hindistan və İndoneziyanın maliyyə nazirləri iştirak ediblər.

 

Maliyyə 2023-05-13 16:22:00