×
A
A
A
Sazlamalar

İordaniya və Fələstin dələduzluqda ittiham olunan Qüdsün erməni patriarxını tanımaqdan imtina edib

Bakı, 13 may, AZƏRTAC

Ermənilər Qüdsdə xristian irsinə ağır zərbə vurublar. Belə ki, bütün səmavi dinlərin mənsubları üçün müqəddəs olan bu şəhərdə erməni kilsəsinə məxsus torpaq sahəsinin satılması ətrafında qalmaqaldan sonra İordaniya və Fələstin Qüdsdəki ortodoks erməni kilsəsinin patriarxı Nurhan Manukyanı tanımaqdan imtina edib. AZƏRTAC “The Arab News” nəşrinə istinadla xəbər verir ki, bu məlumatı İordaniyanın rəsmi informasiya agentliyi yayıb.
Qüdsün mərkəzindəki İçəri şəhərdə ermənilərə məxsus olan 8 hektarlıq ərazinin bir hissəsinin yəhudi mənşəli Avstraliya vətəndaşı Denni Rubinşteynə satılması böyük qalmaqala səbəb olub. Bu fırıldağı keçmiş erməni keşişi Xaçik Yeretsyan patriarxlığın daşınmaz əmlak departamentinin rəhbəri olduğu vaxt törədib. Yəhudi iş adamı isə həmin ərazidə otel və restoranlar tikməyi planlaşdırır.
Erməni patriarxı Nurhan Manukyan hələlik bu qalmaqalla bağlı açıqlama verməyib və ya satışın onlara necə təsir edəcəyi barədə yerli sakinlərin suallarını cavablandırmayıb. Patriarxlığın sözçüsü bildirib ki, bütün məlumatlar daxildə yoxlanılmayana qədər o, ictimaiyyətə açıqlama verməyəcək. Lakin Yeretsyan jurnalistlərə açıqlamasında bildirib ki, həmin ərazinin satışı üzrə sənədi patriarx özü imzalayıb.
İordaniya və Fələstin Administrasiyası, həmçinin Patriarxın yerli qanun və qaydaların tələb etdiyi suriyalı pravoslav kilsəsi olan “Mar Jacobs Fraternity” təşkilatının ümumi orqanı ilə də müzakirə aparmadığını bildirib. Bəyanatda vurğulanır ki, bu cür seçimlər Şərqi Qüdsün Köhnə şəhərdəki erməni məhəlləsinin gələcəyinə “ciddi təsir göstərə bilər”.
Qeyd edək ki, Qüdsün erməni patriarxı Manukyan Fələstin ərazilərində və İordaniyada xristian mülklərinə cavabdehdir. “Petra” xəbər agentliyi onun tanınmaması haqqında qərarın Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İordaniya Kralı II Abdullahın "təlimatlarına uyğun olaraq" qəbul edildiyini bildirib.

 

 

Dünya 2023-05-13 13:00:00