×
A
A
A
Sazlamalar

G7 qrupu 2023-2024-cü illərdə Kiyevə 44 milyard dollarlıq dəstək öhdəliyi götürüb

Bakı, 13 may, AZƏRTAC

2023-2024-cü illər ərzində “Yeddilər qrupu” (G7) ölkələrinin və tərəfdaşlarının Kiyevə büdcə və iqtisadi dəstək öhdəliklərinin həcmi 44 milyard dollar təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin Yaponiyanın Niiqata şəhərində keçirilən görüşünün nəticələri üzrə qəbul edilən birgə bəyanatda deyilir.
“Biz 2023-2024-cü illər ərzində Kiyevin büdcə və iqtisadi dəstəyi üzrə öhdəliklərimizin həcmini 44 milyard dollara qədər artırmışıq. Bu, Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün dörd illik 15,6 milyard dollarlıq proqramını təsdiqləməyə imkan verib. Bu dəstək Ukrayna hakimiyyətinə hökumətin funksionallığını təmin etməyə, əsas xidmətləri davam etdirməyə, zərər görən infrastrukturu bərpa etməyə və iqtisadiyyatı sabitləşdirməyə kömək edəcək”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, 2023-cü ildə “Yeddilər qrupuna” Yaponiya sədrlik edir. Mayın 19-dan 21-nə qədər Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitinə, həmçinin Hindistan, İndoneziya, Avstraliya, Cənubi Koreya, Braziliya, Vyetnam, Kuka və Komor adaları liderləri də dəvət olunub.

Dünya 2023-05-13 12:31:00