×
A
A
A
Sazlamalar

Lyuis Hemiltonun avtoqrafı onun pərəstişkarını milyonçu etdi

Bakı, 13 may, AZƏRTAC

2020-ci ildə Formula 1 çempionatının rəsmi tərəfdaşı Amerikanın “Topps” kompaniyası oldu. Bu şirkət idmanın müxtəlif növlərinin pərəstişkarları üçün özünün kolleksiya əşyaları ilə məşhurdur. Dünya çempionatı üçün rəsmi lisenziyalı etiketlər, Formula 1 və Formula 2 pilotları və komandaları ilə kolleksiya kartları və albomlarının istehsalı həyata keçirildi.
AZƏRTAC xəbər verir ki, kartlar silsiləsinə “Topps Dynasty F1” seriyasında pilotların avtoqrafı ilə etiketlər, “Topps Chrome F1 Collection”da yürüşçülərin fotoşəkilləri və “Topps NOW” seriyasında isə dünya çempionatının ən parlaq epizodları daxil edildi. 2023-cü ildə həmin kartlardan biri 16 yaşlı kanadalı yeniyetməni dollar milyonçusu etdi.
“CTV News” bildirib ki, “Netflix”də yayımlanan “King of Collectibles: the Goldin Touch” şousunda Formula 1 pərəstişkarı Jan-Nikol Qanyonun kartlardan ibarət dəsti 50 dollara alması və onların arasında Lyuis Hemiltonun avtoqrafı olan bir kartın da olması barədə süjet göstərilib. Nəticədə, bu şounun gedişində kanadalıya həmin karta görə əvvəlcə 750 min dollar, sonra isə 900 min dollar təklif olunub. Nəhayət, Jan-Nikol Qanyon və onun atası alıcı təkliflərindən birini qəbul edib və üzərində “Mercedes-AMG”nin britaniyalı pilotunun avtoqrafı olan karton parçasından təqribən 1 milyon dollar qazanıblar.

İdman 2023-05-13 11:18:00