×
A
A
A
Sazlamalar

Ulu Öndərə həsr edilən “Baharın yüzüncü anı” sənədli filminin təqdimatı olub

Bakı, 13 may, AZƏRTAC

Ekran açılır və kadrda gecənin qaranlığını yararaq şütüyərək hansısa ünvana tələsən təcili yardım maşının vahiməli səsi eşidilir...
”Birdən-birə gecənin zülmətini də, sübhün şəfəqini də beləcə yarır bu səs... Onu eşidər-eşitməz hər kəs həyəcanlanır, çünki o xaotik bir not yığını deyil, həyat uğrunda gedən bir mücadilənin səsidir...”.
AZƏRTAC xəbər verir ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin milli səhiyyəmizin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən “Baharın yüzüncü anı” filmi məhz bu kadrlar və bu cümlələrlə başlanır.
AYSMED klinikasının sifarişi ilə hazırlanan film müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və onun ölkə səhiyyəsinin inkişafındakı xidmət və zəhmətinə güzgü tutur. Ötən əsrin 70-ci illərindən başlayaraq səhiyyə kimi strateji bir sahənin inkişafı, gənc kadrların ölkənin ən qabaqcıl tibb məktəblərində təhsil almağa göndərilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb ocaqlarının ən müasir avadanlıqlarla təchiz edilməsi, diaqnostika mərkəzlərində müasir tibbi müayinələrin aparılması məhz onun rəhbərliyi illərində və göstərişi əsasında həyata keçirilib. Ulu Öndərin səyləri nəticəsində respublikamızda Urologiya Xəstəxanası, Neyrocərrahiyyə Xəstəxanası, Ağciyər Xəstəlikləri İnstitutu, Urologiya, Milli Onkologiya və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzlərinin yaradılması, keçmiş ittifaqda ilk dəfə məhz Azərbaycanda açıq ürək əməliyyatları, böyrək transplantasiyalarının aparılması, Bakıda kardiologiya, urologiya, pulmonologiya və tibbin digər sahələri üzrə konqres, elmi-praktik konfrans və seminarların keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən və müdrik rəhbərliyi ilə indi onlarca tibb müəssisəsində ən mürəkkəb invaziv cərrahiyyə və fantastik görünən əməliyyatlar yerinə yetirilir.
Kadrlar bir-birini əvəz edir və bütün bunlar filmdə çox maraqlı kompozisiya ilə təqdim olunur. Film boyu Heydər Əliyevin səhiyyə ilə bağlı kəlamları, maraqlı arxiv kadrları, habelə məşhurların dahi şəxsiyyətə dair kəlamları yer alıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri, ölkəmizin tanınmış həkimləri xəstəxana, poliklinika və müxtəlif spektrli tibb mərkəzləri və komplekslərinin açılmasında dahi şəxsiyyətin rolu, müasir Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzolunmaz və unudulmaz xidmətlərindən bəhs ediblər.
“Səhiyyə işçiləri, sizin peşəniz elə bir peşədir ki, hər insana lazımdır və dünyanın hər yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir” kəlamının müəllifi Heydər Əliyevin ən böyük xoşbəxtliyinin adı Azərbaycan idi. Memarı olduğu, övladı tək üzərində əsdiyi, inkişafı və tərəqqisi üçün böyük zəhmət çəkdiyi, hər qarışına aşiq olduğu Azərbaycan!
Filmin ideyası Aydın Soltanlıya məxsusdur. Ssenari müəllifləri Firuzə Cəlilova və İlhamə Novruzovadır. Xüsusi vurğulamağa dəyər ki, filmin yaradıcı heyəti mövzuya maraqlı rakursdan yanaşıb, baxımlı və maraqlı süjet xətti qurub.
Filmin finalının “Azərbaycan” sədaları ilə bitməsi heç də təsadüfi deyil... Ömrünü xalqına bağışlamış liderin ifasında “Nə qədər ki, Azərbaycan var, mən varam” sözləri Ulu Öndərin əbədiyyətlə bütünləşməsinin rəmzi kimi səslənir. Film müəlliflərinin təbirincə desək, “sağlam gələcəyin bünövrəsi” sayılan səhiyyənin inkişafı sahəsində “ölkəmizə günəş kimi doğan böyük insanın” müstəsna xidmətlərindən bəhs edən “Baharın yüzüncü anı” sənədli filmi xalqımızın həyatında müstəsna xidmətləri olan Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən layiqli ekran əsəridir.
İctimai nümayişi başa çatandan sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, uzman həkimlər Rəqsanə Cəlilova, Hürü Rəhimova, Elşən Tağıyev, Gülnarə İsmayılova və başqaları film haqqında təəssüratlarını bölüşüblər.

Səhiyyə 2023-05-13 11:01:00