×
A
A
A
Sazlamalar

Havanın çirklənməsi Avropada UNESCO-nun Ümumdünya irs obyektlərinə təhlükə yaradır

Bakı, 12 may, AZƏRTAC

Havanın çirklənməsi insan sağlamlığına və ətraf mühitə ziyan vurmaqla yanaşı, həm də tarixi binaların və abidələrin səthini məhv edir. Bu, xüsusən Avropada özünü büruzə verir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu UNESCO-nun ekspertləri tərəfindən aparılan eksperimentin nəticələri təsdiq edir.
Havanın çirklənməsi nəticəsində mədəni irs obyektlərinin korroziyası və çirkləndirilməsi texniki xidmət və restavrasiya xərclərinin artması nəticəsində ciddi iqtisadi itkilərə səbəb ola bilər. Misal üçün, Romadakı Kolizeyin əhəngdaşından olan səthinin çirkləndirilməsi nəticəsində ümumi illik təmir işlərinin dəyəri ildə təxminən 680 min avro olaraq qiymətləndirilir.
UNESCO-nun ekspertlərinin apardığı araşdırma zamanı ətraf mühitin vəziyyəti ilə UNESCO-nun Ümumdünya İrs obyektləri (Müqəddəs Domnius, Split, Xorvatiya; Vürtsburq iqamətgahı, Vürtsburq, Almaniya; Kral Sarayı, Kazerta, İtaliya) arasında qarşılıqlı əlaqənin qiymətləndirilməsi aparılıb. Tədqiqatın nəticələri göstərib ki, azot oksidləri və bərk hissəciklərlə çirklənmə əhəmiyyətli korroziyaya və əhəngdaşının çirklənməsinə səbəb olur. Araşdırma obyekti kimi seçilmiş üç Ümumdünya İrs obyektinin vəziyyəti bunu sübut edir. Kazertanın Kral Sarayında korroziya və çirklənmənin ən yüksək olduğu aşkar edilib.
Bütün araşdırılan şəhərlərdə son illərdə hətta qazın konsentrasiyasının cüzi azalmasına baxmayaraq, korroziya və çirklənmə riski hələ də qalır. Bu fakt onu sübut edir ki, şəhər monitorinq stansiyaları tərəfindən ölçülən yerli mənşəli çirklənmə ilə yanaşı, şəhərdən və hətta dövlət sərhədlərindən kənarda əmələ gələn maddələr də mədəniyyət abidələrinə mənfi təsir göstərir. Məsələn, Avropanın cənubunda bərk hissəciklərin yüksək konsentrasiyası yük gəmilərinin tullantılarının və Sahara səhrasının tozu kimi təbii mənbələrin təsirinin nəticəsi ola bilər.
Ekspertlər qeyd edirlər ki, bu cür halların mədəni irsə və onunla bağlı xərclərə təsirini azaltmaq üçün hava çirklənməsinin nəticələrinin yumşalması üzrə tədbirləri əhəmiyyətli dərəcədə genişləndirmək lazımdır.

Ekologiya 2023-05-12 15:21:00