×
A
A
A
Sazlamalar

Həkim-oftalmoloq: Uşaqlarınızı planşet, kompüter və telefondan uzaq tutun

Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası Qaxda növbəti humanitar aksiyaya start verib

Qax, 12 may, Mustafa Dadaşov, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası mayın 10-dan Qax şəhərində növbəti humanitar aksiyaya başlayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə təşkil edilən aksiyanın məqsədi Qax rayonunun sakinlərinin gözlərini operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həllinə kömək göstərməkdir. Humanitar aksiyadan, eyni zamanda, ətraf rayonların sakinləri də faydalanırlar.
AZƏRTAC-ın bölgə müxbiri səyyar klinikada olub, yüksəkixtisaslı həkimlər tərəfindən aparılan müayinələrin gedişi ilə maraqlanıb.
Milli Oftalmologiya Mərkəzinin Şəki filialının şöbə müdiri, həkim-oftalmoloq Faiq Quliyev bildirib ki, Mərkəz tərəfindən davamlı olaraq respublikanın müxtəlif regionlarında, ucqar şəhər və rayonlarda təşkil edilən belə humanitar aksiyaların əsas məqsədi erkən diaqnostika və müayinələr aparmaqla korluğa səbəb olan göz xəstəliklərini öncədən məyyənləşdirib müalicə etmək, korluğun qarşısını almaqdır. Həkimin məlumatına görə, gün ərzində səyyar klinikaya 100-dən çox vətəndaş müraciət edir. Aksiyanın ilk iki günündə klinikada 230 vətəndaşın gözü müayinə olunub. Müraciətlər bütün göz xəstəlikləri ilə bağlı olur. Aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərə müalicələrin davam etdirilməsi üçün tövsiyələr verilir.
Son vaxtlar uşaqlarda refraksiya pozğunluqları ilə bağlı müraciətlərin artdığını vurğulayan Faiq Quliyev deyib: “Müasir texnologiyaların inkişafı ilə əlaqədar uşaqlar arasında kompüter, planşet, mobil telefonlardan istifadə olunması xeyli artıb. Bu da refraksiya pozğunluqlarına səbəb olur. Odur ki, valideynlərə tövsiyə edirik ki, uşaqlarını maksimum dərəcədə planşet, kompüter, telefonlardan uzaq tutsunlar, onlardan istifadə olunmasına qadağa qoysunlar”.
Humanitar aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Qax şəhər sakini Elnur Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Xeyli vaxtdır ki, gözümdə problem yaranıb, zəif görürəm. Bakıya, və ya Mərkəzin Şəki filialına gedib yoxlatmağa vaxt tapa bilmirdim. Yaxşı oldu ki, həkimlər özləri Qaxa gəldilər. Məni diqqətlə müayinə etdikdən sonra lazımi müalicə təyin etdilər”.
Rayonun İlisu kəndindən olan Afaq Mahalova isə səyyar klinikaya uşaqlarını müayinədən keçirmək üçün gəlib. Onun sözlərinə görə, uşaqların sağlamlığı ilə erkən yaşlarında maraqlanmaq hər bir valideynin borcudur. Kənd sakini belə aksiyaların davamlı olmasını arzulayıb.
Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası tərəfindən Qax şəhərində təşkil olunan humanitar aksiya bir neçə həftə davam edəcək.

Regionlar 2023-05-12 14:21:00