×
A
A
A
Sazlamalar

ÜST: Meymun çiçəyi artıq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət təşkil etmir

Bakı, 12 may, AZƏRTAC

Meymun çiçəyi (“mpox”) artıq ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət təşkil etmir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədəki mətbuat konfransında bildirib.
Son üç ayda ötən üç ay ilə müqayisədə xəstəliyə qeydə alınmış yoluxma hallarının sayı təxminən 90 faiz azalıb. Mayın 10-da “mpох” ilə bağlı fövqəladə vəziyyət üzrə Komitənin iclası keçirilib. Komitə belə nəticəyə gəlib ki, meymun çiçəyi xəstəliyinin yayılması artıq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət təşkil etmir və müvafiq tövsiyələri ÜST rəhbərinə göndərib. ÜST rəhbəri, öz növbəsində, bu qərarı rəsmi olaraq təsdiq edib.
Bir çoxlarının 2022-ci ilə qədər meymun çiçəyi xəstəliyi barədə məlumatı olmayıb, baxmayaraq ki, bu xəstəlik 1970-ci ildən tanınıb. ÜST tərəfindən “mpox” adlandırılan meymun çiçəyinə əsasən Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri rayonlarında rast gəlinir. Lakin 2022-ci ildə “mpox” dünyanın digər hissələrində də yayılıb.
Ötən ilin iyulunda ÜST bu xəstəliyin bir neçə ölkədə yayılması səbəbindən ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan edib, çünki virus dünyada sürətlə yayılıb.
Ümumilikdə, ÜST-yə 111 ölkədə 87 mindən çox yoluxma və 140 ölüm halı barədə məlumat daxil olub. Azərbaycanda bu virus qeydə alınmayıb.

Səhiyyə 2023-05-12 13:35:00