×
A
A
A
Sazlamalar

Respublikamızda 56 mindən çox tibb bacı və qardaşı çalışır

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə 2 saylı Bakı Baza Tibb Kollecində Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyevanın sözlərinə görə, "Heydər Əliyev İli" çərçivəsində Beynəlxalq Tibb Bacısı Gününün belə geniş şəkildə rəhbərlik etdiyi kollecdə keçirilməsi təsadüfi deyil. Çünki həmin təhsil ocağının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Məhz Ulu Öndərin Sərəncamı ilə yaradılan kollecin açılışında dahi liderin özü də iştirak edib”. D.Məmmədəliyeva bildirib ki, tibb xidmətlərinin göstərilməsində tibb bacılarının, tibb qardaşlarının rolu əvəzsizdir. Respublikamızda 56 mindən çox tibb bacısı və tibb qardaşı çalışır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onlar koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhələrdə öz vəzifə borclarını yerinə yetirərək cəsarət, peşəkarlıq, fədakarlıq nümayiş etdirərək cəmiyyətdə necə vacib bir peşə sahibi olduqlarını bir daha sübut ediblər.
Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı ən vacib və çətin dövrlərdə tibb bacılarının həkimlərlə birgə çiyin-çiyinə, əzmkarlıqla mübarizə apardığını, əhalinin sağlamlığının qorunmasında öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyini deyiblər. Qeyd olunub ki, səhiyyə xidməti göstərən bütün tibb işçilərinin yarıdan çoxunu təşkil edən tibb bacıları dünyanın hər bir yerində cəsarət, mərhəmət və fədakarlıqla öz fəaliyyətlərini davam etdirirlər.
Tədbir zamanı, həmçinin Beynəlxalq Tibb Bacıları Gününün tarixi haqqında məlumat verilib, tibb bacılarının səhiyyə xidmətlərinin roluna və digər mövzulara dair məruzələr dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.



 

Səhiyyə 2023-05-12 12:46:00