×
A
A
A
Sazlamalar

İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi üzərində işlər davam edir

Bakı, 12 may, AZƏRTAC

Hazırda İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi üzərində işlər davam edir. Bu portal müasir standartlara cavab verən, vergiödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılmasını nəzərdə tutur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində bəzi yeni xidmətlərin tətbiqi planlaşdırılır ki, bu da vergiödəyiciləri üçün böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Eyni zamanda, vergiödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş aparılır. Bu, vergiödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsinə, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat istifadəyə nail olunmasına, vergi, sosial sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklərin vaxtında icrasına imkan verəcək: “Hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlər görülür. Bu sırada yeni elektron xidmətlər vasitəsilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yanaşmaları, habelə inzibati şikayətlər üzrə formalaşmış təcrübədən irəli gələn rəsmi mövqeləri əks etdirən resurs istifadəyə veriləcək. Beləliklə, rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergiödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq”, – deyə O.Nəzərli vurğulayıb.

Maliyyə 2023-05-12 11:42:00