×
A
A
A
Sazlamalar

İsveçli səyahətçilər Ağdamda erməni vandalizminin şahidi olublar

Ağdam, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edən İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Klub 100" təşkilatının 30 nəfərdən çox heyəti Füzuli və Xocavənd rayonlarından sonra Ağdama gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
İsveçli səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən onlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistan işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olan səyyahlara məlumat verilib ki, şəhərdəki bütün tikililər kimi, bu bina da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.
Xarici səyyahlar sonra Ağdam şəhər Cümə məscidinə gəliblər.
Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən məscidin bərpasına başlanılıb.
Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.
İsveçli səyyahlar sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Səyyahlar həmçinin Ağdamda həyata keçirilən quruculuq işləri barədə də məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycan qısa müddətdə, özü də heç bir xarici maliyyə dəstəyi olmadan xarabalıqlarda cənnət yaradır.
Qeyd edək ki, qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır. Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) xətti üzrə hərəkət etməyi planlaşdırılır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.
Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

Regionlar 2023-05-11 20:00:00