×
A
A
A
Sazlamalar

Sabirabadda Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konsert maraqla qarşılanıb

Sabirabad, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sabirabad rayonunda silsilə tədbirlər keçirilib.
Tədbirin rəsmi hissəsi Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İcra başçısı Siraqəddin Cabbarov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki fəaliyyətindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin doğum günü tariximizin ən parlaq məqamlarındandır. Həmçinin müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin inkişafındakı misilsiz əmək sərf etməsindən söhbət açılıb. Eyni zamanda, Heydər Əliyevin xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə verdiyi töhfələrdən, eləcə də Ümummilli Liderin Sabirabad rayonunun inkişafında misilsiz rolundan danışılıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı videoçarx nümayiş olunub. Ümumrayon tədbirinin davamı olaraq möhtəşəm konsert proqramı təşkil olunub. Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub. “Axısxa Halay Türk Folklor” rəqs qrupunun təqdim etdikləri rəqs nümunələri maraqla izlənilib.
Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Regionlar 2023-05-11 19:34:00