×
A
A
A
Sazlamalar

Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi üçün ətraf mühitə daha az təsir göstərən yol xəritəsi qəbul ediləcək

Bakı, 11 may, AZƏRTAC

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyinə iki alternativ yol xəritəsi təqdim olunub. Həm yol xəritələri, həm də vizual baxışla müəyyənləşdirdik ki, müəyyən yerlərdə meşə sahəsi nisbətən az sahəni əhatə edir. Riyazi modelləşdirmə ilə təhlil apardıq. Sonda müəyyən olundu ki, ən yaxşı variant elə mövcud olan yolun genişləndirilməsidir. Belə ki, dörd zolaqdan ibarət olacaq yolun iki zolağı, eyni zamanda sağ-sol yol çiyinləri hazırdır. Genişləndirmə zamanı layihə altına düşəcək ağac sayı, torpaq sahəsi müəyyənləşdirildi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı ictimai dinləmə zamanı agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
"İkinci variantda isə yolun sıfırdan genişləndirilməsi zamanı ətraf mühit daha çox ərazidə təsirlərə məruz qalacaqdı. Bunu aidiyyəti qurumlarla, layihəçilərlə müzakirə etdik və ətraf mühitə daha az təsir göstərən yol xəritəsini qəbul etməyi qərarlaşdırdıq", - deyə agentliyin İdarə Heyətinin sədri bildirib.

Ekologiya 2023-05-11 15:55:00