×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Naftalanda coşqu və təntənə ilə qeyd edilib

Naftalan, 11 may, Elcan Məmmədov, AZƏRTAC

Beynəlxalq Turizm Mərkəzi Naftalanda müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin inkişafına, tərəqqisinə sərf etmiş, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən fotoekspozisiyaya baxış keçiriblər.
Tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib.
Şəhər rəhbəri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətini özündə ehtiva edən geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən möhtərəm Prezidentimiz İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib.
Daha sonra Ulu Öndərin adını daşıyan Meydanda respublikanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm bədii-musiqili yubiley konserti keçirilib, atəşfəşanlıq olub.

Regionlar 2023-05-11 15:34:00