×
A
A
A
Sazlamalar

Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi necə hesablanır?

Bakı, 11 may, AZƏRTAC

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Anar Bayramovun sözlərinə görə, bu tələb sırf vergiödəyicilərinə aid olduğundan vətəndaşlardan nağdlaşdırmaya görə vergi tutulmur.
Ekspert qeyd edib ki, nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb: “Yəni istər kənd təsərrüfatı, istərsə də ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olsun, vergiödəyicisi bank hesabından nağd pul çıxardıqda bir faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Əməkhaqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı bank hesabından nağd pul çıxarılmasına görə bütün hallarda bir faiz vergi tutulur”.
A.Bayramov diqqətə çatdırıb ki, bələdiyyələr bank hesabından vəsait çıxaran zaman bir faiz sadələşdirilmiş vergi tutulmur. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda bir faiz vergi ödəməməlidirlər.

Maliyyə 2023-05-11 12:42:00