×
A
A
A
Sazlamalar

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Gəncə, 11 may, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universiteti və Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq Ümummilli Lider Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında məlumat verib.
Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun sədri Camal Əliyev çıxışında ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və vəkillik fəaliyyətinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra edilməkdədir.
Tədbirdə 1 saylı Vəkillər Bürosunun vəkilləri Səadət Seyidli, Ramil Əliyev, Asif Abdullayev və Kərim Məmmədov cəmiyyətdə insanlara hüquqi yardım göstərilməsi, hər bir şəxsin hüquqlarının qanunla qorunan mənafelərinin müdafiəsi və vəkillik fəaliyyətinin əsas prinsipləri barədə ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarının sualları vəkillər tərəfindən ətraflı cavablandırılıb.

Regionlar 2023-05-11 11:30:00