×
A
A
A
Sazlamalar

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində Ulu Öndərin misilsiz xidmətləri olub

Qəbələ, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar mayın 10-da Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.
Konfrans iştirakçıları sonra Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin Qəbələyə səfərlərini, həmçinin həyatını, iştirak etdiyi beynəlxalq toplantıları və dünya liderləri ilə görüşlərini əks etdirən foto-sərgiyə baxıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə dair məruzəsi dinlənilib. Məruzədə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olan, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, iqtisadi islahatlardan, Ulu Öndərin bölgələrə, o cümlədən Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən ətraflı bəhs edilib.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və yeni çalarlarla zənginləşdirilir.
Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı 100” sənədli filmi nümayiş olunub.

Regionlar 2023-05-10 18:40:00