×
A
A
A
Sazlamalar

Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ulu Öndərin adı ilə bağlıdır

Şəki, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Şəkidə rəngarəng tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Mərkəzdə dahi rəhbərə həsr olunan sərgi və guşələrə baxıblar.
Şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının rəhbər şəxslərinin və əməkdaşlarının, Milli Məclisin deputatlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxarıb, ümummilli fəlakətin - vətəndaş müharibəsinin qarşısını alıb, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyub, atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Ulu Öndər xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələ həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü kimi yaddaşlarda qalıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın hər bir bölgəsi kimi, Şəki rayonunun da inkişafında Ulu Öndərin çox böyük əməyi olub. Heydər Əliyev siyasi fəaliyyəti dövründə iki dəfə - 1974-cü və 2002-ci illərdə Şəki şəhərinə səfər edib. Dahi rəhbərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxıb. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə, 1975-ci ildə şəhərin bütün ipək müəssisələrini özündə birləşdirən Şəki İpək İstehsalat Birliyi yaradılıb. Həmin dövrdə müəssisədə 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Şəki İpək İstehsalat Birliyi keçmiş SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.
Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail olub. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verib və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi başlanıb. Vurğulanıb ki, Azərbaycan xalqı artıq 20 ildir qəlbində əbədi heykəlini ucaltdığı Ulu Öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Dahi rəhbərin davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı 100” sənədli filmini izləyiblər.
Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri axşam saatlarında Bayraq Meydanında bədii-musiqili proqramla davam edəcək.

Regionlar 2023-05-10 17:58:00