×
A
A
A
Sazlamalar

Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Astara, 10 may, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məruzə ilə çıxış edib.
İcra hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməsi, yenicə bərpa edilən müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirən, ömrünü ölkəsinə və xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi həmişə uca tutulur və minnətdarlıqla anılır. Qurucusu və memarı olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Azərbaycan xalqı və dövləti Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Axşam saatlarında Astara şəhəri Park-bulvar kompleksində bayram konserti keçiriləcək, atəşfəşanlıq olacaq.

 

 

Regionlar 2023-05-10 17:52:00