×
A
A
A
Sazlamalar

Ulu Öndərin sosial-iqtisadi inkişaf konsepsiyası bu gün Sumqayıtda da uğurla davam etdirilir

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Hər il mayın 10-da sumqayıtlılar Ümummilli Liderin adını daşıyan parka yığışaraq onun anadan olduğu günü qeyd edirlər. Builki tədbirdə isə xüsusi təntənə duyulurdu. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da Ümummilli Lider Heydər Əliyevin 100 illiyi böyük coşqu ilə keçirildi.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Tahir Mirkişili, YAP Sumqayıt şəhər təşkilatının, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndərə həsr olunan mahnı sədaları altında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla anıblar.
İştirakçılar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Daha sonra tədbir “Kimyaçı” Mədəniyyət Sarayında davam edib. İştirakçılar foyedə təşkil edilən dahi liderin Sumqayıta səfərlərini əks etdirən fotosərgiyə baxıblar.
Sarayın tamaşa zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Vurğulanıb ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Məruzəçi Heydər Əliyevin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, Sumqayıt şəhərinə diqqət və qayğısı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün tarixi şöhrətini bərpa edən 74 yaşlı Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ümumilikdə Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu da Ulu Öndərin şəhərə olan xüsusi diqqət və qayğısının göstəricisidir. Sumqayıtın bugünkü yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsinin təcəssümüdür və bu gün Sumqayıt artıq sözün əsl mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib.
“Ulu Öndərin sosial-iqtisadi inkişaf konsepsiyası bu gün Sumqayıtda da uğurla davam etdirilir”, - deyən Zakir Fərəcov son illər Prezident İlham Əliyev rəhbərliyi ilə görülən işlərdən söz açıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Əsrin lideri” filmi nümayiş olunub.
Qeyd edək ki, mayın 10-da axşam şəhərin baş meydanında respublikanın incəsənət ustaların iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Regionlar 2023-05-10 17:48:00