×
A
A
A
Sazlamalar

Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir

Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib, yolumuz önündə işıq saçan məşələ çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Qax rayonunda da silsilə tədbirlərlə geniş qeyd edilib.
Mayın 10-da rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər səhər saatlarından etibarən Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ümumrayon tədbirindən əvvəl mərkəzin foyesində Ulu Öndərə həsr olunan sərgiyə baxış keçirilib.
Yığıncağın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, müasir tariximizin çox vacib bir dövrü, həmçinin bugünkü həyatımız Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi xaos və anarxiyadan qurtarıb.
Qeyd olunub ki, bu gün dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Eyni zamanda, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir.
Vurğulanıb ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Sonda yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı 100” sənədli filmini izləyiblər.

Regionlar 2023-05-10 16:53:00