×
A
A
A
Sazlamalar

Mənzillə təmin olunan qazi: Mayın 10-u ailəmizin həyatına xoş gün kimi daxil oldu

Bakı, 10 may, AZƏRTAC

Cəbhəyə könüllü surətdə getmişəm və oktyabrın 2-də Talış-Suqovuşan istiqamətində quru qoşunlarının tərkibində döyüşlərə qoşulmuşam. Oktyabrın 18-də Suqovuşanda döyüş tapşırığını yerinə yetirərkən düşmən ordusu tərəfindən atılan minomyot atəşinə tuş gəldik. Həmin partlayış nəticəsində qərargah rəisi, bir neçə döyüşçü yoldaşım və mən ağır bədən xəsarəti aldıq. Kəllə-beyin travması, sağ ətraflar və kürəyimdən çoxlu qəlpə yarası aldığıma görə iki gün Talış kəndindəki tibb məntəqəsində müalicə olundum. Bədənimdəki qəlpələri çıxarandan sonra məni hospitala göndərmək istədilər, lakin hospitala getməkdən imtina edərək yenidən döyüş meydanına qayıtdım. Düşmən üzərində Qələbənin elan edildiyi noyabrın 10-dək həmin bölgədə xidmətimi davam etdirdim.
“Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsi qazisi Tural Şükürlü bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
İkinci qrup Vətən müharibəsi əlilinin döyüşdüyü hərbi hissəni 2020-ci il noyabrın 10-dan sonra Qubadlı və Laçın rayonlarında sərhədlərin müdafiəsini möhkəmləndirməyə göndəriblər. O, həmin il dekabrın 26-da ordu sıralarından tərxis olunaraq evə qayıdıb.
Bu gün - mayın 10-da Tural Şükürlü Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzillə təmin olunub. O, bununla əlaqədar deyib: “Neçə vaxt idi ki, mənzilim olmadığına görə ailə üzvlərimlə ata-anam, iki bacımla birlikdə yaşamaq məcburiyyətində idim. Artıq ikiotaqlı mənzillə təmin olunmuşam. Bizə göstərilən bu qayğıya görə dövlətimizə çox minnətdaram. Ən yaxın günlərdə həyat yoldaşım Sitarə və hələ 2 yaşı tamam olmayan oğlum Muradəli ilə birlikdə yeni mənzilimizə köçəcəyik. Bugünkü gün bizim ailəmizin yaddaşında çox əlamətdar bir hadisə kimi həmişəlik yaşayacaq”.

Sosial 2023-05-10 14:40:00