×
A
A
A
Sazlamalar

USAID və ÜST insanlara həyat xilas edən ürək masajı bacarıqlarını öyrətmək üçün tədbirlər silsiləsinə başlayıb

Bakı, 10 may, AZƏRTAC

Kardiopulmonar resusitasiya (KPR) və ya ürək masajı qəfil ürək dayanması zamanı həyat xilas etmək üçün ilk və ən vacib addımlardan biridir. Tədqiqatlar göstərir ki, bu zaman ürək masajı edilmədən keçən hər dəqiqə sağqalma ehtimalı təxminən 10 faiz azalır. Digər tərəfdən, ürək dayanmasından dərhal sonra sadəcə əllərlə edilən ürək masajı sağqalma ehtimalını 2-3 dəfə artıra bilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, ürək masajı edə bilmək üçün tibb işçisi olmaq mütləq deyil və hər kəs, o cümlədən 12 yaşdan yuxarı uşaqlar bu həyat qurtaran bacarığa yiyələnə bilər. Ürək masajı bacarıqlarının öyrənilməsinin vacibliyini təbliğ etmək üçün ÜST-nin Azərbaycandakı nümayəndəliyi “Əllərimdə həyat var!” adlı ictimai maarifləndirmə tədbirləri və təlimlər silsiləsinə start verib.
“Gənclik Mall” ticarət mərkəzində keçirilən tədbir zamanı ziyarətçilər ürək masajı öyrənməyin əhəmiyyəti haqqında məlumatlandırılıb və 122 nəfər mütəxəssislərin nəzarəti altında xüsusi maneken üzərində ürək masajı tətbiq edərək öyrənmək imkanı əldə edib.
Daha öncə “Park Bulvar” ticarət mərkəzində keçirilən oxşar tədbir zamanı isə ümumilikdə 108 nəfər ürək masajı bacarıqlarına yiyələnib. Bu silsilədən növbəti tədbir 11 may saat 17:00-19:00-da “28 Mall”da keçiriləcək.
Tədbirlər silsiləsi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ÜST-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin bir hissəsidir.

Səhiyyə 2023-05-10 14:20:00