×
A
A
A
Sazlamalar

AQTA satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb.
Bu xüsusda ötən həftə Bakının Yasamal rayonunda Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib və qanunsuz fəaliyyətin qarşısı alınıb. Aparılan nəzarət tədbirləri çərçivəsində "ÇEMP Su" və "Çuxuryurd İstisu" əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq “təbii”, “mineral”, “müalicəvi” və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub. Hazırda bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilir.
AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.
İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

 

Sosial 2023-05-08 17:43:00