×
A
A
A
Sazlamalar

Ümummilli Liderin Azərbaycan ədəbi mühitinin inkişafında xidmətləri misilsizdir

Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC

Qubada Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Forumun açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, Ulu Öndərin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıb.
Bildirilib ki, bu günlər Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. 2023-cü il tariximizdə böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” kimi qalacaq. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Xalq yazıçısı bildirib ki, Ulu Öndər Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, bədii ədəbiyyata xüsusi önəm verir, istər ədəbiyyat, istər teatr və kino sənəti, eləcə də musiqi və rəssamlıq sahələrinə məhz dövlətçilik mənafeləri baxımından yanaşırdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbi mühitinin inkişafında xidmətləri misilsizdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı ictimai-siyasi, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirib. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib.
Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Aqil Abbas, Xalq yazıçısı Elmira Axundova və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı böyük xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olub. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşıb. Heydər Əliyev xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləyərək, ona ən ümdə vəzifəsi kimi baxırdı.
Forumun ilk günündə iştirakçılar “Heydər Əliyevin XX əsr Azərbaycan ədəbiyyatının inkişafında rolu”, “Ümummilli Liderin ədiblərə diqqət və qayğısı”, “Cavidin məzarının Sibirdən gətirilməsi, Şuşada Vaqifin məqbərə kompleksinin qurulması və digər tarixdə qalan işlər”, “Heydər Əliyev və ana dilimiz”, “Heydər Əliyev və ədəbi gənclik”, “Heydər Əliyev və Güney Azərbaycan ədəbiyyatı”, “Ulu Öndər və ölkənin şimal bölgəsi ədibləri”, “Heydər Əliyev yazıçıları KQB-nin qanlı caynağından necə xilas etdi?” mövzularında məruzələr dinləyiblər.
İki gün davam edəcək forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı təqdim ediləcək. Kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Forum iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edəcək.

Regionlar 2023-05-05 17:25:00