×
A
A
A
Sazlamalar

Tərkibi vitaminlərlə zəngin olan təbii çöl bitkilərindən hazırlanan göy kətəsi daha dadlı olur FOTO VİDEO

Ağstafa, 5 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Yaz aylarında insanların daha çox istifadə etdiyi qidalardan biri də göy qutabıdır. Bu qutabın indi əsl bişirilmə vaxtıdır. Bəzi bölgələrdə göy qutabına “göy kətəsi” də deyilir. Ağstafa rayonunda isə “göy kətə” adlandırılır. Düzdür, göy qutabını ilin dörd fəslində də hazırlamaq, yemək olur. Amma yazda yetişən təbii və yabanı bitkilərdən - şomu və cincilimdən hazırlanan, ən əsası da sacın üstündə bişirilən qutabın dadı bir başqadır.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunda da yaz aylarında həyətlərdə, eləcə də təhlükəsizlik qaydaları nəzərə alınmaqla təbiət qoynunda ocaq qalanıb sac asılır, göy kətəsi hazırlanır. Quzuqulağı, cincilim, dağ keşnişi və digər bitkilərdən hazırlanan göy kətəsinin dadı qazan yeməklərindən az sevilmir. Onu qohum-qonşu bir yerə yığılaraq da bişirir. Sac üstündə kətə çox tez, cəmi bir neçəyə dəqiqəyə hazır olur.
Rayonun Ceyrançöl ərazisində qutabın tərkibinə əlavə olunan bitkilərdən şomu, cincilim artıq bitib. Ağstafa sakini Cəmilə Xəlilova deyir ki, hər yaz qohum-əqrəba ilə təbiətdə bitən bu bitkiləri toplayıb, onlardan qutab hazırlayırlar. Elə bişirilərkən də təbii inqridientlərdən istifadə edirlər. Ocaq üstündə, sacda bişən qutabın dadı da gözəl olur. “Dədə babadan bu kətəni eyni cür bişiririk. Tərkibinə şomu, cincilim, ispanaq, keşniş, soğan, şüyüd, həmçinin ədviyyatlardan duz, istiot vurub, yaxşıca qarışdırırıq. Qutabın içliyinə, həmçinin pendir də əlavə edirik. Əvvəllər qutab içliyinə yumurta da vururdular. Amma indi yumurta qatılmır. Sac üstündə qutabın hər iki üzünü bişiririk. Hazır olduqdan sonra qutab yağlanır. İndi göy kətəsi can dərmanıdır”, - deyə Cəmilə Xəlilova bildirib.
Göy kətəsini tərkibi vitaminlərlə zəngin olan təbii çöl bitkilərindən hazırlayanda daha dadlı olur. Yazda cincilim və şomudan, qış aylarında isə ispanaqdan hazırlanır. Bəzi bölgələrdə cincilimdən əlavə, çuğundur yarpağı, soğan-kartof qarışığı da əlavə olunur. Elə buna görə də, kətənin hazırlanma üsulu bütün bölgələrdə eyni olsa da, yalnız spesifik xüsusiyyətlərinə, içliyin hazırlanmasında istifadə olunan məmulata, ölçüsünə görə bir-birindən fərqlənir.

 

Regionlar 2023-05-05 17:09:00

Video