BDU-da yanğınları ilkin mərhələdə müəyyənləşdirən və söndürən ağıllı robot hazırlanır
Bakı, 5 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Elmi seminarda laboratoriyanın kiçik elmi işçisi və Fizika fakültəsinin III kurs doktorantı Orxan Güləhmədov və Fizika fakültəsinin məzunu Hüseyn Məmmədov “Qapalı məkanlarda çıxan yanğınların ilkin mərhələdə müəyyən edilməsi və söndürülməsini həyata keçirən ağıllı robotun hazırlanması” mövzusunda çıxış ediblər.
O.Güləhmədov seminar iştirakçılarının diqqətinə “TEKNOFEST-2023” festivalı və onun əhatə etdiyi kateqoriyalar haqqında yığcam məlumat verib. Sonra o, festivalın final mərhələsinə vəsiqə almış, müəllifləri olduqları layihə barədə danışıb. Qeyd edib ki, yaradılacaq ağıllı robotun köməyi ilə qapalı məkanlarda yanğınların ilkin mərhələdə müəyyən edilməsi və yanğın sahəsinin genişlənmədən söndürülməsinin həyata keçirilməsi layihənin əsas məqsədidir.
Hüseyn Məmmədov isə bildirib ki, hazırlanan sistem vasitəsilə məkanda quraşdırılmış kameralar və lazer skanerin köməyi ilə yanğın ərazisinin koordinatlarının dəqiqliklə müəyyənləşdirilərək ağıllı robota ötürülməsi, həmçinin yanğın və tüstü aşkarlama xüsusiyyətinə malik sensor ilə təchiz olunacaq sistem hesabına yanğının ilkin mərhələdə detektə olunması və istifadə olunan kimyəvi tərkibli qaz komponentləri vasitəsilə yanğın sahəsinin böyümədən söndürülməsi prosesinin icra edilməsi nəzərdə tutulur.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib