×
A
A
A
Sazlamalar

Heydər Əliyev və hüquqi dövlət quruculuğu

Bərdə, 5 may, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik tarixində o qədər böyük işlərə imza atmışdır ki, bunları sadalasaq, onun titanik fəaliyyətini tam əhatə etməz. Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır. O, digər xalqların da tarixində mühüm rol oynamış, onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Bu dahi şəxsiyyət Azərbaycanın memarı kimi yaddaşlarda qalıb, onun fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən ölkəmizə birinci rəhbərliyi dövründə onun gərgin fəaliyyəti nəticəsində Azərbaycanda iqtisadiyyatda, sənaye və kənd təsərrüfatında, mədəniyyət, təhsil və digər sahələrdə böyük uğurlar əldə edilmişdir. Müstəqilliyimizin bərpasından sonra xalqın təkid və tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Dövlət quruculuğu sahəsində fundamental işlər görüldü. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli addımlar atıldı, atəşkəsə nail olundu. Dahi öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi.
Hüquqi dövlət quruculuğu sahəsində də mühüm işlər görülmüşdür. Əvvəlki dövrlərdə dəfələrlə ləğv edilib yenidən yaradılmış Ədliyyə Nazirliyi, məhz Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr tarixli qərarı ilə yenidən təsis edilmiş və bununla da ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Müstəqillik dövründə də ədliyyə sisteminə daim qayğı göstərən Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə mühüm qərarlar qəbul edilmişdir. Ümummilli Liderin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün - 22 noyabr tarixinin ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi bu qayğının əyani təzahürüdür.
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu nəticəsində ölkədə demokratik hüquqi dövlətin möhkəm əsasları qoyulmuşdur. Ulu Öndərin humanist siyasəti sayəsində əfv və amnistiya institutları bərpa edilmiş, ölkəmizdə ən ağır cəza olan ölüm cəzası birdəfəlik ləğv edilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prinsipləri kimi bəyan edilmişdir. Eyni zamanda ölkəmiz bu istiqamətdə bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuş, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, fundamental sənəd olan Dövlət Proqramı təsdiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquq sahədə islahatlara müstəsna əhəmiyyət verilərək tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənmiş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilmiş, elektron reyestrlər və informasiya sistemləri yaradılmış, ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılmış, qanunvericilik təkmilləşmiş, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları, "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır. Biz bu gün böyük fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz möhkəm təməllər üzərində inkişaf edir və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sistemi vardır.
Ümummilli Liderin dövlətimizin bütün istiqamətlərdə, o cümlədən demokratik hüquqi dövlət quruculuğunda, xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər daim xatırlanacaq.

Fəqan Şabanov
Bərdə Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri

Regionlar 2023-05-05 15:54:00