×
A
A
A
Sazlamalar

Böyük Britaniya fəzaya kiçik radar peykləri göndərəcək

Bakı, 5 may, AZƏRTAC

Böyük Britaniyanın iki şirkəti fəzaya innovativ, ucuz radar peykləri uçuracaq. Maraqlısı odur ki, bu aparatın bir hissəsi trikotaj maşınında toxunacaq.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, “CarbSar” adlanan bu missiya gələn il başlayacaq və Britaniya kəşfiyyatının casusluq potensialındakı boşluğu doldurmağa kömək edəcək. Peyk buludların üzərindən müşahidə aparmaq üçün radar texnologiyasından istifadə edəcək və hətta gecə də işləyəcək.
Britaniyalı ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi qarşı tərəfin mövqelərini izləmək üçün istifadə edilən belə sistemlərin dəyərini göstərib. Lakin Britaniya BMT Təhlükəsizlik Şurasının öz müşahidə sistemi olmayan yeganə daimi üzvüdür. Bunları nəzərə alaraq, Böyük Britaniyanın iki şirkəti - “Surrey Satellite Technology Limited” (SSTL) və “Oxford Space Systems” (OSS) kiçik və portativ radar peyki hazırlamağa başlayıb. Eyni zamanda, onlar bu il Britaniya hökumətinin dəstəyi ilə öz kosmik gəmilərini yaratmağa başlayacaq və artıq sifariş edilmiş Amerika raketi vasitəsilə kosmik fəzaya göndərəcək.
SSTL aerokosmik aparatlar istehsalı sahəsində çoxdan formalaşmış nüfuza malikdir, onun ən böyük yeniliyi isə OSS radar antenasında olacaq. Bu, buraxılış üçün bərk-bərk bükülmüş, lakin böyük çətirə bənzər forma yaratmaq üçün orbitdə çıxacaq trikotaj volfram məftil hörgüdən ibarətdir. Məhz həmin 3 metr enində antena/reflektor vasitəsilə peyk Yerin təsvirini göndərəcək. SSTL və OSS ümid edir ki, onların “CarbSar” roveri həm mülki, həm də hərbi tətbiqlər üçün Böyük Britaniya hökumətinə operativ kosmik gəmilərin tədarükünə dair gələcək kontraktlar qazanmaq sahəsində güclü şans verəcək.
BBC yazır ki, Britaniya hökuməti “trikotaj peyklərin” nəyə nail ola biləcəyini görmək istəyir. Maliyyə vəsaitinin bir hissəsi milli təhlükəsizlik və müdafiə üçün istifadə oluna biləcək perspektivli texnologiyalara dəstək verən Milli Təhlükəsizlik Strateji İnvestisiya Fondu tərəfindən ayrılıb.
SSTL bu peyki idarə edən bütün daxili sistemlər və radarın işləməsini təmin edən elektronika daxil olmaqla, “CarbSar”ın əsas hissəsini quracaq. OSS isə özünün Harvell qərargahında sınaqdan keçirilən antena/reflektoru təqdim edəcək. Qızılla örtülmüş volfram çətirin orta hissəsi mərkəzə radial olaraq sarıla bilən bir sıra karbon-kompozit çubuqlara yapışdırılır. İdeya ondan ibarətdir ki, sərbəst buraxıldıqdan sonra bu çubuqlar və ya korpusdakı gərginlik enerjisi təbii olaraq düzəldilmiş konfiqurasiyaya qayıtmaq istəyəcək və bu prosesdə torları öz yerinə çəkəcək.
Böyük Britaniyada bir neçə ildir ki, radar peykləri şəbəkəsinə sahib olmaqdan danışılır. Onların alınması üçün Müdafiə Nazirliyinə maliyyə vəsaiti vəd olunub. Lakin zondlama texnologiyası mülki fövqəladə vəziyyətlərdə, məsələn, daşqının miqyasının monitorinqi və ya sürüşmə və çökmə əlamətlərinin tapılmasında da çox faydalıdır. Radar peyki hər dəfə atmosferin üstündən keçəndə aydın görüntüyə zəmanət verir, çünki hava şəraiti onun görmə qabiliyyətinə mane olmur.

Texnologiya 2023-05-05 15:14:00