×
A
A
A
Sazlamalar

Ana olmağa hazırlaşan qadınlara estetik proseduraların edilməsi məsləhət görülmür

Bakı, 5 may, AZƏRTAC

Ölkəmizdə həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, uğurlar ildən-ilə artır. Həmin peşə üzrə mütəxəssislərin hazırlanmasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu xüsusi əhəmiyyət kəsb edir. Bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və çox yayılan xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir. İnstitut kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın bütün doğuşa yardım müəssisələri üçün metodik mərkəz rolunu oynayır.
Bunu AZƏRTAC-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamiləlik patologiyası şöbəsinin maması Zülfiyə Heydərova deyib.
Zülfiyə Heydərova artıq 20 ildir bu sahədə fəaliyyət göstərdiyini qeyd edib: “Uzun müddət bu sahədə çalışmaq mənim yaddaşımda bir çox unudulmaz xatirə formalaşdırıb. Xatırlayıram ki, bir neçə il öncə 3-cü dəfə ana olmaq üçün instituta müraciət edən xanım hamiləliyinin 27-ci həftəsində 900 qramlıq uşaq dünyaya gətirdi. Uşaqda çəki problemi ilə yanaşı bir neçə xəstəlik də var idi. Körpənin anasının vəziyyəti qənaətbəxş olsa da, mən övladı ilə bağlı yaranan problemlərin onun sağlamlığına təsir etdiyini gördüm. İnstitutda fəaliyyət göstərən mütəxəssislərin səyi nəticəsində 3 ay sonra həmin körpənin çəkisi 1 kilo 800 qram artdı və yanaşı xəstəliklərinin tam sağalması diaqnozu qoyuldu. Ananın sevinc göz yaşları və bizim kollektivə etdiyi xeyir-dualar peşəmizin müqəddəsliyinin göstəricisidir. Qeyd edim ki, həmin hadisə xəstəxanamızın böyük nailiyyətlərindən biridir”.
Z.Heydərova hamilə qadınların xüsusilə yay aylarında təmiz havada çox olmalarını və hərəkət etmələrini tövsiyə edib: “Qısamüddətli gəzintilər hamilələr üçün ideal fiziki aktivlik növüdür. Bu aylarda bir çox qida onların sağlamlığı üçün təhlükəli vəziyyət yarada bilər. Ana olmağa hazırlaşan qadınlar sağlam qidalanmağa üstünlük verməlidir. Saç boyama, estetik proseduraların edilməsi məsləhət görülmür. Həmin məhsulların tərkibində kimyəvi maddələr körpənin gələcək sağlamlığına ziyan verə bilər”, - deyə mütəxəssis bildirib.

 

Səhiyyə 2023-05-05 11:30:00