×
A
A
A
Sazlamalar

Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür

Bakı, 5 may, AZƏRTAC
1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı, ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.
Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.
Ölkəmizdə həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, uğurlar ildən-ilə artır. Həmin peşə üzrə mütəxəssislərin hazırlanmasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu xüsusi əhəmiyyət kəsb edir. Bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir. İnstitut kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın bütün doğuşa yardım müəssisələri üçün də metodik mərkəz rolunu oynayır.
Uşaqlar bizim gələcəyimizdir. Hər evə, ailəyə sevinc bəxş edən körpənin dünyaya gəlməsində həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Körpənin dünyaya gəlməsi ilə yanaşı, ana və uşağın doğuşdan sonrakı sağlamlığı da onların təcrübə və peşəkarlığından asılıdır. Məhz onlar dünyaya yeni göz açan körpə ilə ilk təmasda olur, qadın doğum evinə daxil olandan körpəni dünyaya gətirib xəstəxanadan çıxanadək hamilələrə və analara lazımi tibbi yardım və mənəvi dəstək göstərirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolu oynayır.
Onu da qeyd edək ki, ötən il Azərbaycanda 122 min 846 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2021-ci il ilə müqayisədə 11,2-dən 12,2-yə qədər artıb. Körpələrdən 3 min 438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Bu ilin ilk iki ayı ərzində isə Azərbaycanda 19 min 158 körpə doğulub.

Səhiyyə 2023-05-05 10:54:00