×
A
A
A
Sazlamalar

Növbəti balıq buraxılışları və ağacəkmə tədbiri keçirilib

Bakı, 5 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, “Azərişıq” ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmilərinin iştirakı ilə Suqovuşanda balıq buraxılışı tədbiri keçirilib və su anbarına 10 min çəkikimi balıq körpəsi buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daha sonra qurumun, Gəncə Şəhər İcra Hakimiyyətinin, Samux Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmilərinin və BP-nin regional prezidentinin iştirakı ilə BP-nin “Sweet Gold” layihəsi çərçivəsində arılar üçün yem bazası məqsədilə Samux rayonunun Çobanabdallı kəndi ətrafındakı meşə sahəsində müxtəlifcinsli ağaclar əkilib.
Qeyd edək ki, BP-nin “Sweet Gold” layihəsi çərçivəsində Samux rayonunun Çobanabdallı, Füzuli, Şəmkir rayonunun Dəllər Daşbulaq, Dəllər Cırdaxan kəndlərinin ümumilikdə 315 hektar meşə ərazisində arılar üçün yem bazası məqsədilə ağaclar əkilir.
Tədbirin davamı olaraq Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, BP-nin regional prezidentinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax şəhərində balıq buraxılışı tədbiri keçirilib. Kür çayının Yevlax şəhərindən keçən hissəsinə 90 min ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.

Ekologiya 2023-05-05 10:25:00