×
A
A
A
Sazlamalar

Balakəndə indiyədək 6500 hektar sahədə qarğıdalı əkilib

Balakən, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında dən üçün qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Cari təsərrüfat ilində rayonda 7 min 700 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri bu günədək 6 min 500 hektar sahədə qarğıdalı əkiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.
Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 677 hektar sahədən 50 min 668 ton dən qarğıdalı əldə ediblər. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 351 ton artıb.
Sektor müdiri bildirib ki, rayonun ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi də davam edir. Hazırda ipəkqurdları ikinci yaş dövründədir. Builki mövsümdə barama yetişdirmək üçün iki yüzdən çox kümçü ilə müqavilə bağlanılıb, onlara 800 qutu ipəkqurdu paylanılıb. Cari ildə Balakəndə yaş barama istehsalının 32 tona çatdırılması qarşıya hədəf qoyulub.

 

 

Kənd təsərrüfatı 2023-05-04 17:48:00