×
A
A
A
Sazlamalar

Gün eynəkləri seçimi

Bakı, 4 may, AZƏRTAC

Gün eynəkləri gözləri zərərli şüalardan qoruyur və görünüş tərzini tamamlayır. Mövsümün dəyişməsi gözdə həssaslığı artırır və bu da çox vaxt allergik reaksiyalara səbəb olur. Belə olan halda gün eynəklərindən istifadə edilməsi qaçılmazdır. Gözləri qoruyan aksesuar seçimi diqqətlə aparılmalıdır.
Ona görə də həkimlər gün eynəkləri seçimi edərkən daha diqqətli olmağı məsləhət görürlər. Oftalmoloqların dediyinə görə, keyfiyyətli gün eynəkləri gözü və qaşı tam haşiyəyə alacaq dərəcədə olmaqla ağırlığı burun nahiyəsində bərabər paylamalıdır. Eyni zamanda qulaqları incitməməli və gicgahı narahat etməməlidir.
AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyeva deyib: “Gün eynəklərin seçimi zamanı onun hazırlandığı materialın keyfiyyətinə, günəşdən qoruyuculuq xüsusiyyətinə fikir vermək lazımdır. Günəşdən qoruyan eynəklərin hazırlandığı materialın qoruyuculuq spektri 365 və daha çox olmalıdır ki, keyfiyyəti yüksək olsun”.
Təbii ki, seçim edərkən eynəyin üz quruluşuna uyğun olub-olmadığına da fikir verilməlidir. Amma gün eynəklərinə sadəcə bəzək əşyası kimi baxmaq düzgün deyil. Gün eynəklərindən istifadənin yaşı yoxdur, yəni uşaqdan böyüyə hər kəs həmin aksesuardan istifadə edə bilər. Yaxşı olar ki, eynəklər optikalardan və həkim tövsiyəsi ilə alınsın.
Gün eynəkləri keyfiyyətli xammaldan hazırlanmalıdır ki, uzunmüddətli istifadəyə davamlı olsun. Orqanik və şüşə də seçmək olar. Yüngül olduğu və rahat istifadəyə şərait yaratdığına görə daha çox orqanik eynəklərə üstünlük verilir.
Gün eynəklərinin şüşələri keyfiyyətli olmadıqda gözə ciddi zərər vura bilər. Ona görə də düzgün seçim edilməlidir ki, eynəklər öz sahibini gün işığına həsrət qoymasın.

Səhiyyə 2023-05-04 13:04:00