×
A
A
A
Sazlamalar

Bu ilin dörd ayı ərzində su hövzələrindən 637 sintetik tor aşkar edilərək götürülüb

Bakı, 4 may, AZƏRTAC
Ölkənin su hövzələrində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı bu ilin 4 ayı ərzində 30 min 459 metr uzunluğunda 637 ədəd sintetik tor aşkar edilərək götürülüb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, ötən ilin analoji dövründə isə 19 min 352 metr uzunluğunda 375 ədəd sintetik tor yığışdırılıb. Bu isə ötən illə müqayisədə 11 min 107 metr uzunluğunda 262 ədəd daha çox sintetik tor deməkdir.
Keçirilən reydlər və nəzarət tədbirləri ilə yanaşı, martın 27-dən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində vətəndaşların fəallığı da xüsusi qeyd olunmalıdır. Belə ki, istər sosial şəbəkələr, istərsə də nazirliyin “168 Çağrı Mərkəzi” vasitəsilə 42 müraciət daxil olub və hər biri araşdırılaraq tədbir görülüb.
Nazirlik həmin aksiyada fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə quruma məlumat verən bütün təbiətsevər vətəndaşlara bir daha təşəkkür edir.
Qeyd edək ki, son üç il ərzində nazirliyin aidiyyəti qurumları tərəfindən su hövzələrindən ümumilikdə 182 min 459 metr uzunluğunda 3 min 236 ədəd sintetik tor yığışdırılaraq zərərsizləşdirilib.

Ekologiya 2023-05-04 12:49:00